
Bakı. Trend:
İyulun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)
tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim
vakansiyası üzrə növbəti qeydiyyat başlanır.
BŞTİ-dən Trend-ə bildirilib ki, qeydiyyat linki avqustun 7-si
saat 12:00-a qədər aktiv olacaq.
Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən
tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və
müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və
seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər,
eyni zamanda, 2023-cü ildə test imtahanında keçid balını toplayan
(29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki,
yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.
Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil
müəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıq
sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul
ediləcək.