
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Trend xəbər
verir ki, müraciətdə bildirilib:
“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün
vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni
zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat
hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də
sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də
ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və
elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti
çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün
sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır”.
Müraciətdə qeyd edilib ki, bu kimi hallar daha çox xanım
sürücülər arasında müşahidə olunur.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli
olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının
təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün, özünüzü və digərlərini qoruyun”, –
deyə müraciətdə vurğulanıb.