Valideyn ilk növbədə övladının qorxusunu anlayıb, ona etibarlı davranmalıdır – Baş həkim Leyla Bəşirova

Cəmiyyət

Bakı. Trend:

Bir çox valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların
olduğunu qeyd edirlər.

Trend xəbər
verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da
Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Baş
həkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, uşaq qaranlıqdan, heyvanlardan və yad
insanlardan qorxa bilər:




“Valideynlər uşağa kömək etmək üçün həm anlayışlı, həm də
mərhələli bir yanaşma tətbiq etməlidilər. Bu tip qorxu uşaq
yaşlarında, xüsusilə 3-8 yaş aralığında normal inkişaf mərhələsi
kimi görülə bilər. Lakin çox intensiv və uzunmüddətli olduqda,
müdaxilə tələb olunur. Valideyn ilk növbədə övladının qorxusunu
anlayıb, ona etibarlı davranmalıdır, onu qorxusu ilə tək
buraxmamalıdır, mühakimə etməməlidir, uşağın qorxularını
kiçiltməməlidir. “Nədən qorxursan?”, “Bundan da qorxarlar?”, “Artıq
böyük uşaq oldun”, “Bundan qorxmağa dəyməz” kimi ifadələr əvəzinə
“Mən sənin narahatçılığını anlayıram”, “Mən səninləyəm,
yanındayam”, “Mən də sən yaşda olanda qorxurdum” kimi ifadələr
demək lazımdır və uşaqların hisslərini dinləyib, qorxularına
hörmətlə yanaşmaq lazımdır”.

L.Bəşirova qeyd edib ki, qorxunu aradan qaldırmaq üçün uşağınızı
dinləyin, onunla vaxt keçirin, ona daha çox diqqət yetirin,
birlikdə oyunlar oynayın, özünə inamın inkişafına kömək edin:

“Uşağa qarşı sərt davranmayın, ona qışqırmayın, mümkün qədər
sakit olmalısınız. Uşağınızın qorxusu mənasız olsa da, onun yanında
olduğunuzu hiss etdirməlisiniz. Qorxu anlarında onları qucaqlayın,
əzizləyin, sərt davranaraq, onlarda başqa qorxuların yaranmasına
səbəb olmayın. Əgər qorxular uşağınızın həyatına mane olursa və
uzun müddət davam edirsə, mütləq mütəxəssislərə müraciət edin. Əks
halda daha ciddi fəsadlar, uzun sürən fobiyalar yarana bilər”.