Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək – BU SƏBƏBDƏN

Cəmiyyət

Bakı. Trend:

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası
turnirinin seçmə mərhələsində İrlandiyanın “Şelbörn” kollektivinə
qarşı oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində
dəyişikliklər ediləcək.

QSC-dən Trend-ə verilən məlumata görə, oyun günü üç stansiyada
gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov
adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş
marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində
yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin
təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.




Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı
Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət
mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi
ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da
nəzərdə tutulur.

Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun
davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar
hazır vəziyyətdə saxlanılacaq.