Qanunsuz saxlanılan vəhşi heyvanları xilasetmə tədbirləri davam etdirilir (FOTO)

Cəmiyyət

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida
Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər
rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran
kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri
həyata keçirilib.

Trend xəbər
verir ki, birgə keçirilən yoxlama zamanı “The Farm” adı altında
fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı
maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən
edilib.




Heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının
baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək ilkin olaraq
klinik şəraitdə tibbi müayinədən keçirilib. Daha sonra onların
sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədilə Bakı
Zooloji Parkına təhvil verilməsi təmin olunub.

IDEA İctimai Birliyi vətəndaşlara bir daha müraciət edərək ev
heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə,
vəhşi heyvanların qanunsuz saxlanmasına yol verməməyə çağırır. Belə
hallarla rastlaşan şəxslərdən “Təbiətə Təcili Yardım” proqramı
çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xəttinə və ya IDEA
İctimai Birliyinin rəsmi sosial media hesablarına məlumat vermələri
xahiş olunur.

Spread the love