
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq
ziyarətçi qəbul edib.
Trend xəbər
verir ki, azad edilmiş ərazilərə səfər edən yarım milyon insan
arasında yerli sakinlər və Vətənə qayıdan ailələrlə yanaşı,
müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar,
mədəniyyət və media nümayəndələri, eləcə də, digər xarici qonaqlar
yer alıb.
Qeyd edək ki, bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz,
müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət
üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını
araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin
artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin
gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük
olduğunu və reallaşdırılmağa başladığını göstərir.
İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının,
sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır.
Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya
mühiti regiona daxili və xarici investorların marağını artırır ki,
bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın
yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da
bölgə iqtisadiyyatına ciddi təkan verir.