Skuterlər düzgün istifadə edilmədikdə ciddi xəsarətə səbəb ola bilər – Travmatoloq-ortoped

Cəmiyyət

Bakı. Trend:

Skuter və skeytbord sürən uşaqlar üçün təhlükəsizlik qaydaları
çox vacibdir, çünki bu vasitələr düzgün istifadə edilmədikdə ciddi
xəsarətə səbəb ola bilər.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram
hesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya və
Ortopediya İnstitunun travmatoloq-ortopedi İlham Şıxbabayev
açıqlayıb.

Onun sözlərinə görə, son bir ay ərzində 48 nəfər motosiklet,
moped və skuter qəzası nəticəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib:

“Skuter qəzası ilə gətirilən şəxslərdən 12 nəfərin vəziyyəti
ağır olub və onlar dərhal əməliyyat olunublar. Əsasən çoxsaylı
sınıqlar və travmatik yaralanmalar müşahidə olunub. Digərlərinə isə
ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.




İ.Şıxbabayev bildirib ki, əsas təhlükəsizlik qaydalarına düzgün
qoruyucu vasitələrdən istifadə etməsi olduqca vacibdir. Qoruyucu
vasitələrə dəbilqə (ən vacib qoruyucu vasitədir, baş zədələrinin
qarşısını alır), dirsək, diz və bilək qoruyucuları, əlcəklər,
gözlüklər və s. aiddir.

“Geyimlər rahat olmalı, rahat hərəkət etməyə imkan verməlidir.
Qapalı və rezin altlıqlı idman ayaqqabıları geyinilməlidir.
İstifadə olunan ərazi düzgün seçilməlidir. Təhlükəsiz yer seçilməli
və yer səthi hamar olmalıdır, maneələr olmamalıdır. Sürətə nəzarət
və sürətli sürməkdən çəkinilməlidir. Sürməkdən əvvəl mütləq sürməyi
öyrənmək üçün təlim keçməlidirlər. Uşaqların yaşına və fiziki
imkanlarına uyğun avadanlıq seçilməldir. 8 yaşına qədər uşaqlar
yalnız böyüklərin nəzarəti altında bu kimi vasitələrdən istifadə
etməlidir. İnsanların çox olduğu, nəqliyyat vasitələrin hərəkət
etdiyi, qaranlıq yerlərdə sürmək olmaz. Skuter və skeytbord
sürərkən qulaqlıqlardan və telefondan istifadə etmək
qadağandır”.

Travmatoloq qeyd edib ki, belə vasitələrdən istifadə zamanı
yıxılan uşaqlara yerində ümumi qaydalara uyğun ilkin tibbi yardım
göstərilməli, ciddi bir travma alıbsa, mütləq təcili yardım
çağırılmalı və dərhal xəstəxanaya çatdırılmalıdır:

“Ümumi təhlükəsizlik qaydalarına əməl etmədikdə bəzən ciddi
travmalar müşahidə olunur. Travma alan şəxsin birinci huşu aydın
olub-olmaması, açıq yaranın, ətraflarda deformasiyanın
olub-olmamasına diqqət yetirilməli və uyğun tədbirlər
görülməlidir”.

Spread the love