Bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına dəstək

Cəmiyyət

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və
Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”,
“TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”,
“İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından
elan edir ki, Azərbaycanda bərpa olunan enerji texnologiyaları
sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə
təhsili layihəsini uğurla başa çatdırıb.

Bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlı
inkişafa dəstək öhdəliyinin bir hissəsidir.

Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə
ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji
sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktiki
bacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdən
ibarətdir:

1. Bərpa olunan enerji üzrə tədris emalatxanalarının
yaradılması. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi, digəri isə Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla,
ümumilikdə iki tam təchiz olunmuş, müasir bərpa olunan enerji
emalatxanası yaradılıb.




Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləri
əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki
emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz
olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar
əldə etməyə imkan yaradır.

2. İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun
hazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Modulda
qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin
iqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin bu
təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı
inkişaf kimi mövzular əhatə olunub.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:
“Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru
üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa
çatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpa
olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar
qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün
dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc
mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji
məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı
işçi qüvvəsinin formalaşmasına töhfə verir”.

Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən
həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin
iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN
(təxminən 189400 ABŞ dolları) təşkil edib.