
Bakı. Trend:
Bakının “Şuşa Qalası” restoranında “Pastry & Bakery Chefs Baku
Cup 2025” beynəlxalq birinciliyinin iştirakçıları və hakimləri üçün
Azərbaycan qonaqpərvərliyi və kulinar sənətkarlığı ab-havasında
Qarabağ mətbəxinin incilərinin təqdimatı baş tutub.
Trend xəbər verir
ki, çempionat ölkəmizdə ilk dəfə Azərbaycan Kulinariya Gildiyası,
Bakı Kulinariya Assosiasiyası və DIYAR.AZ layihəsinin “Azərbaycanın
Qastronomik Xəritəsi” təşəbbüsü ilə təşkil olunub.
Türkiyə, Şri-Lanka, Pakistan, Özbəkistan və digər ölkələrdən
gələn qonaqları sadəcə bir axşam yeməyi deyil, Qarabağın dad
palitrasında əsl səyahət gözləyirdi: nəsildən-nəsilə ötürülən
Qarabağ reseptləri, yerli kulinariya texnikalarının nümayişi, hər
yeməyin arxasında duran zəngin tarix – bütün bunlar regionun dərin
və çoxqatlı kulinariya ənənəsini təqdim edən mənzərə yaratdı.
Gecənin xüsusi anı isə fəxri adların təqdim olunması ilə yadda
qaldı: tanınmış kulinariya ustaları Qabil Quliyev və Etibar Kərimli
Türkiyə Kulinariya Assosiasiyasının üzvləri seçildilər.
Etibar Kərimli çıxışında bunları deyib:
“Qarabağ mətbəxi Azərbaycanın mədəni yaddaşının təcəssümüdür. O,
coğrafiyanı, tarixi, xalqın xarakterini özündə birləşdirir. Bu
mətbəxi qorumaq və təbliğ etmək – milli kimliyimizi yaşatmaq
deməkdir”.
Gecədə iştirak edən Türkiyənin Dənizli Kulinariya
Assosiasiyasının sədri Süleyman Kursak heyranlığını gizlətmədi:
“Qarabağ yeməkləri əsl sənətdir. Belə bir tədbirin parçası olmaq
və öz müəllif qastronomiya proqramımı təqdim etmək mənim üçün
qürurdur. Master-klassda türk mətbəxinin ənənəvi və müasir
texnikalarının necə vəhdət təşkil etdiyini göstərəcəyəm”.
“Pastry & Bakery Chefs Baku Cup 2025” çempionatı – peşəkar
aşpazlar, qənnadçılar və ixtisaslaşmış universitet tələbələrini bir
araya gətirərək, təcrübə və yaradıcılıq mübadiləsi üçün beynəlxalq
platforma rolunu oynayır. Bu barədə Azərbaycan Kulinariya
Gildiyasının və Bakı Kulinariya Assosiasiyasının sədri, beynəlxalq
dərəcəli usta İlkin Əkbərzadə məlumat verib:
“Biz istedadların özünü göstərməsi üçün platforma yaradırıq.
Yerli və xarici ustalar yalnız texnika deyil, həm də öz
mətbəxlərinin fəlsəfəsini nümayiş etdirirlər”.
İştirakçılar aşağıdakı kateqoriyalar üzrə yarışacaqlar: “Milli
şirniyyat süfrəsi”, “Art-klass (şirniyyat və şokolad əsərləri)”, “Toy tortu”, “Çörəkçilik sənəti”, “Meyvə və tərəvəz oyma
kompozisiyaları”.
Münsiflər heyəti isə bir sıra ölkələrin aparıcı
mütəxəssislərindən ibarət olacaq: Süleyman Kursak (Türkiyə), Metin
Ayhan (Türkiyə), Şahid Miyan (Pakistan), Hüseyn Şipal (Türkiyə),
Çamil Fernanda (Qətər), Xoşan Desilva (BƏƏ), Don David
(Azərbaycan), Bəhruz Qəlbinur (Azərbaycan).
İnformasiya dəstəyi: – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az