
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan
şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı
kursuna başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən
Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs
kompüter operatoru peşəsi üzrədir.
Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35
nəfər işsiz şəxs cəlb olunub.
 
Kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə
keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə
üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Peşə hazırlığı kursu iki ay davam edəcək və cəlb olunan
müdavimlərə aylıq təqaüd də ödəniləcək.


 
						 
						