“Şlyapa Zahid”ə hökm oxunub

Cəmiyyət

Bakı. Trend:

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin
Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42
milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa
Zahid”) barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)
başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz
Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili
çıxış edib.

O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət
verilməsini xahiş edib.

Zahid Niftəliyev son sözlə çıxış edərək məhkəmədən bəraət
istəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zahid Niftəliyev 2 il
müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il
müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm
qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə
azadlıqdan məhrumetmə cəzası təyin edilib.




Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq
bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü
ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-nin
İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun
Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib.
Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət
almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan
cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan
götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə
qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin
məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb,
şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə
müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42
milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda
ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank”
ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq
icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə
cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də
cinayət işi ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir