
Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən sosial sahəyə göstərilən
xüsusi diqqət və qayğının nəticəsi olaraq, ölkəmizdə bütün
sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə
tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində mühüm addımların atılması təmin olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xüsusilə də son illər aparılan ardıcı sosial
islahatlar nəticəsində ölkəmizin sosial müdafiə sistemi daha da
güclənib, sosial ödənişlərin davamlı artımı təmin edilib, bu sahədə
xidmətlər innovativ yanaşmalar, rəqəmsal həllərin tətbiqi ilə
təkmilləşib:
“Əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, əlilliyi olan
şəxslərin peşə reabilitasiyası, sosial xidmət sahələrində aparılan
islahatlar prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
nüfuzlu beynəlxalq təşkilatlarla (Birləşmiş Millətlər Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyası, Avropa Sosial Şəbəkəsi,
Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Türk
Dövlətləri Təşkilatı və b.), habelə qardaş Türkiyə, Özbəkistan,
Qazaxstan, Gürcüstan, Tacikistan, Moldova, Macarıstan, Serbiya və
s. ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq həyata
keçirir.
Məsələn, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə sıx əməkdaşlıq
şəraitində ötən dövrdə ölkəmiz bu Təşkilatın 60-a yaxın
Konvensiyasını, habelə 10 fundamental Konvensiyasından 9-nu
ratifikasiya edib. Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in
standartlarını qəbul etmiş ölkələrdən biridir. Həmin sənədlərdən
irəli gələn prinsiplər milli qanunvericilikdə tətbiq olunub.
Həmçinin ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə
Proqramı uğurla icra edilib”.
Qeyd edilib ki, eyni zamanda, əməkdaşlığın mühüm tərkib hissəsi
olaraq ardıcıl təcrübə mübadilələri aparılır, birgə layihələr icra
olunur:
“Son illər ölkəmizdə sosial sahədə aparılan ardıcıl islahatlar
çərçivəsində ölkədə müasir reabilitasiya sisteminin qurulması ilə
yanaşı, reabilitasiya xidmətləri spektrinin qabaqcıl beynəlxalq
təcrübədən irəli gələn yeni istiqamətlər üzrə xeyli genişlənməsi
təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq,
2018-2023-cü illərdə dünya təcrübəsinə uyğun olaraq robotik
reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya,
dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiya
metodlarının da tətbiqinə başlanıb. Həmçinin stasionar və ambulator
xidmətlərlə yanaşı, son illərdə icma əsaslı, telereabilitasiya,
səyyar formalarda da reabilitasiya xidmətlərinin göstərilməsi təmin
edilir”.
“Həmçinin protez-ortopedik məmulatların hazırlanması,
reabilitasiya vasitələri ilə təminat sahəsində qabaqcıl dünya
təcrübəsinin öyrənilməsi və tətbiqi diqqətdə saxlanır. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə Almaniya,
İslandiya, Danimarkanın əlilliyi olan şəxslərin daha rahat hərəkət
imkanlarına malik olması üçün funksional protez-ortopedik
məmulatların, o cümlədən son nəsil texnologiyaların hazırlandığı
şirkətləri ilə sıx əməkdaşlıq həyata keçirilir. Son illər Mərkəzdə
bu əməkdaşlıq şəraitində layihələndirilməklə yeni yüksək
texnologiyalı protezlərin istehsalı sexi də qurulub.
Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən
sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri
üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən
genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi, müharibə
ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil
protezlərlə təminatı da həyata keçirilir. Belə ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə
müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min
reabilitasiya vasitəsi verilib ki, onlardan 493 şəxs 611 ədəd
yüksək texnologiyalı müasir protezlə təmin olunub”, – deyə məlumata
əlavə edilib.
Vurğulanıb ki, son illər əlilliyi olan şəxslərin reabilitasiya
vasitələri ilə təminatı sisteminin gücləndirilməsi istiqamətində
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində
tədbirlər həyata keçirilib və ölkəmizdə əlilliyi olan şəxslərə
dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin
növlərinin siyahısındakı reabilitasiya vasitələri növlərinin sayı
əhəmiyyətli dərəcədə artırılıb:
“Digər tərəfdən son illər qabaqcıl dünya təcrübəsindən də
istifadə olunmaqda, əlilliyi olan şəxsin əlilliyi olan şəxslərin
tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial
bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri əks
etdirən Fərdi Reabilitasiya və Abilitasiya Proqramı hazırlanaraq
tətbiq olunur.
Eyni zamanda, bir sıra ölkələrin aidiyyəti qurumları ilə əmək,
məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələri
aparılır.
Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son
illər aparılan uğurlu islahatların nailiyyətləri, o cümlədən DOST
mərkəzləri və dövlət sosial xidmətlərinin elektronlaşdırılması, o
cümlədən e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi kimi
mühüm rəqəmsal sosial layihələr beynəlxalq səviyyədə də yüksək
qiymətləndirilərək bir çox xüsusi mükafatlara layiq görülüb.
Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət
sahələrində aparılan islahatların uğurları təkcə 2025-ci ilin ilk
yarımili ərzində 65 beynəlxalq mükafat və sertifikata layiq
görülüb”.
“Azərbaycanın DOST təcrübəsi elə ilk vaxtlardan beynəlxalq
təşkilatları, digər ölkələrin sosial sahə üzrə qurumlarının
diqqətini cəlb edib. Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə xidmətlər
“bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim
olunur. Bu gün bir sıra ölkələrdə konkret fəaliyyət sahələri üzrə
“bir pəncərə”dən xidmətlər göstərən qurumlar olsa da, sosial sahədə
çox geniş, əhatəli bir spektrdə 160-dək xidmətin “bir pəncərə”dən
göstərılməsi yalnız DOST konsepsiyasına məxsus olan bir
nailiyyətdir.
Həmçinin, Azərbaycanın son illər aparılan islahatlar nəticəsində
sosial sahədə xidmətlərin avtomatlaşdırılması, proaktiv təyinat
mexanizmlərinin qurulması təcrübəsi beynəlxalq səviyyədə maraqla
qarşılanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 159
xidmətinin 145-dən çoxunu, yəni artıq 90 faizdən çox hissəsini,
elektron platformada təqdim edir. Ona görə də hazırda bir sıra
ölkələr (Rumıniya, Moldova, Özbəkistan, Belarus və s.) DOST
təcrübəsini, həmçinin ölkəmizin rəqəmsal sosial xidmətlər
təcrübələrini öyrənməyə, tətbiq etməyə maraq göstərir və bu sahədə
onlarla fəal təcrübə mübadiləsi aparılır”, – deyə Nazirlikdən
bildirilib.