
Bakı. Trend:
Bakının “Sovetski” məhəlləsi kimi tanınan ərazinin söküntüsünə
2013-cü ildən başlanılıb. Ərazidə uzunmüddətli söküntü işləri başa
çatdıqdan sonra, 2016-cı ilin avqust ayından etibarən genişmiqyaslı
yenidənqurma layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni
yolların çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmir
işləri aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçün
geniş abadlıq işləri görülərək, parklar və yaşıllıq zonaları
salınıb.
Trend xəbər
verir ki, həmin layihələrdən ən əsası “Sovetski”nin yerində salınan
böyük parklardan biri də məhz Mərkəzi Parkdır. Mərkəzi Parkın
birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və
Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da,
üçüncü hissəsinin açılışı isə ötən il noyabrın 7-də olub.
Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların
birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən
avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa
Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilib.
Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında
yaşıllıq salınıb. Mərkəzi Parkda bütün yaş qruplarından olan
insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman
qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.
Parkın ərazisində ümumilikdə 9 fəvvarə mövcuddur. İstirahət
parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir
mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları
quraşdırılıb. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq
gül və kol bitkiləri əkilib. Parkda yaşıllıqları suvarmaq üçün 6.5
kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa,
Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.
Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi
arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq
təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları
ilə təchiz edilib.
Bəs, şəhər sakinləri parkın genişləndirilməsi barədə
nə düşünür?
Bakı sakini Yeganə Qaraşova bildirib ki, bu
parkların açılmasından, genişləndirilməsindən ən çox sevinən
insanlardan biri də odur:
“Başda Prezident İlham Əliyev olmaqla, bu işdə əməyi keçən hər
kəsə təşəkkür edirəm. Mən belə parkların sayının və əhatəsinin daha
da artmasını arzu edirəm. Əvvəlki dövr ilə bu gün arasında böyük
fərq var. Əvvəllər bu parkın yerində paytaxtımız üçün xoş olmayan
görüntü vardı. İndi isə bu parklar insanların gözünü oxşayır,
gənclər burada istirahət edir, uşaqlar isə oynayırlar”.
Digər sakin Murad Cəfərov əlavə edib ki,
parkların genişləndirilməsi olduqca vacib və uğurlu addımdır:
“Əvvəlki dövrlə indiki arasında gözlə görünəndən də artıq
dəyişiklik var. Bu parkın salınması şəhərin mərkəzinə gözəllik
qatdı və böyüdülməsi onu daha da gözəlləşdirəcək. Biz dostlarımızla
tez-tez bu parka gəlir, asudə vaxtımızı burada keçiririk. Bura həm
gənclər, həm də uşaqlar üçün təhlükəsiz məkandır.”
Sakinlərdən Qadir Dadaşovun sözlərinə görə,
parkların genişləndirilməsi həm gənclər, həm də yaşlılar üçün
faydalıdır:
“Uşaqlar daha rahat və təhlükəsiz şəraitdə əylənə, istirahət
edirlər. Vətəndaşların hər biri isə gündəlik təmiz hava alaraq
gəzintiyə çıxa bilirlər. Parkların genişləndirilməsi həm insanlar,
həm də ev heyvanları üçün faydalıdır. Əvvəlki dövrlə indiki
arasında xeyli fərq görünür”.
Sakin Yeganə Orxanbəyli isə qeyd edib ki,
ekologiyamıza yaşıllıq vacibdir:
“Bu parklar havanın təmizlənməsinə kömək edir. Bu, çox lazımi
addımdır, insanlar gəlib burada istirahət edir. Mən illərdir bu
ərazidə yaşayıram və əvvəlki illərlə indiki arasında böyük fərq
var. Bu çox gözəl təşəbbüsdür, belə parklar artıq şəhərimizin hər
yerində açılır və xoş ab-hava yaradır”.
Nigar adlı sakin də fikrini belə ifadə
edib:
“Parklar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əsasən
ağacların çox olmasını istəyirəm. Yay ayları çox isti olur, ağaclar
çox olarsa, kölgəmiz daha geniş olar. Bura uşaqlar üçün də xoş və
təhlükəsizdir. Onlar burada doyunca əylənə və öyrənə bilirlər. Eyni
zamanda, dayanacaqların sayının artırılmasını da istəyirəm. Nə
qədər çox dayanacaq olsa, bir o qədər yaxşıdır”.
Şəhərin gənc sakinlərindən olan Səma Həziyeva
bildirib ki, indiki zamanda parkların böyüdülməsinə ehtiyac
var:
“Şəhərdən biraz uzaqlaşa bilmək üçü parkların böyüdülməsinə
ehtiyac olduğunu düşünürük. Parklar avtomobil yollarından uzaq
olduğu üçün təhlükəsizlik baxımından çox yaxşıdır. Həm də
insanların bir-birilə ünsiyyət qurması üçün də yaxşıdır. İllər
keçdikcə şəhərimizdə yaşıllıqların artması bu sahədə
irəlilədiyimizin nümunəsidir. Biz də fürsət düşdükcə
yoldaşlarımızla yolumuzu buradan salır, təmiz hava altında maraqlı
müzakirələr edir, kitablar oxuyuruq”.
Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi Park
Bakının yaşıl transformasiyasının təsadüfi olmadığını açıq şəkildə
nümayiş etdirir. Bu, diqqətlə düşünülmüş və məqsədyönlü bir
layihədir. Uzun illər boyunca insanlar şəhərin inkişafını yalnız
yüksək və müasir binaların ucaldılması ilə ölçürdülər. Lakin
zamanla bu düşüncə tədricən dəyişdi və indi şəhərin inkişafı təkcə
fiziki infrastrukturla deyil, həm də onun nəfəs ala bilən, təbiətlə
harmoniyada yaşayan məkanlar kimi formalaşması ilə
qiymətləndirilir. Şəhərin böyüməsi indi daha çox təmiz hava,
sakitlik və təbiətin incə səslərini duymaqla, insanların həyat
keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Bu baxımdan, Mərkəzi Park
şəhər sakinlərinin rahatlığına və estetik zövqünə xidmət edən, eyni
zamanda Bakı üçün yeni bir inkişaf mərhələsinin simvolu
olacaq.

