Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Cəmiyyət

Bakı. Trend:

Bu ilin ilk 6 ayında məişət zorakılığı ilə bağlı edilən
müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionların
payına düşür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə
məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub, 40 mühafizə
orderi verilib.

“Daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlər
üstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünə
məruz qalıb. Belə ki, müraciət edənlərin əksəriyyəti əri (160),
yaxın qohumu (165) və keçmiş əri (37) tərəfindən zorakılığa məruz
qalıb. Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri isə
qadındır. Zorakılığa məruz qalanların isə 232 nəfəri qadın, 30
nəfəri kişi, 181 nəfəri isə uşaqlardır. Məişət zorakılığı ilə bağlı
edilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə
regionların payına düşür. Zorakılıq hallarının 172-si fiziki, 53-ü
psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqdır”, – deyə əlavə
edilib.

Məişət zorakılığının qarşısının alınması istiqamətində
hansı işlər görülüb?




Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Trend-ə bildirib
ki, məişət zorakılığının qarşısını almaq üçün dövlət bir sıra
hüquqi, sosial və profilaktik tədbirlər həyata keçirir:

“Belə ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması
haqqında” Qanun qəbul olunub. Bu qanun zorakılığın qarşısını almaq,
zərərçəkənləri qorumaq və hüquqi mexanizmlər yaratmaq məqsədi
daşıyır. Eyni zamanda, dövlət və qeyri-hökumət təşkilatları
tərəfindən məişət zorakılığı ilə bağlı mütəmadi olaraq
maarifləndirmə tədbirləri həyata keçirilir.

Məktəblərdə, icmalarda və mediada zorakılığın fəsadları barədə
təbliğat işləri aparılır. Əlavə olaraq, dövlət ailə dəyərlərinin
möhkəmləndirilməsi, gender bərabərliyi və sosial rifahın
artırılması istiqamətində də işlər görür ki, bu da zorakılıq
hallarının azalmasına öz töhfəsini verir”.

Teymur Mərdanoğlunun sözlərinə görə, məişət zorakılığı törədən
şəxsin məsuliyyətə cəlb olunması Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən həyata keçirilir və bu, zorakılığın növü
və ağırlıq dərəcəsindən asılıdır.

“Müraciət və faktın qeydə alınması zamanı zərərçəkən şəxs Daxili
İşlər Nazirliyinə (polisə), Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə, rayon icra hakimiyyətinə və ya sığınacaqlara
müraciət edir. Dərhal fakt araşdırılır, zorakılığı törədən və ya
zorakılığa məruz qalan aidiyyəti quruma dəvət olunur, fakt
təsdiqini taparsa, yerli icra hakimiyyəti tərəfindən mühafizə
orderi verilir. Daha sonra digər zəruri tədbirlər həyata
keçirilir”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir