
Bakı. Trend:
30 iyul 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera
Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun və
Azərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə Azərbaycan İdman
Akademiyasında “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının
gözü ilə” adlı forum keçirilib.
Forumun əsas məqsədi gəncləri peşəkar HR-larla bir araya
gətirərək əmək bazarına hazırlamaq, onların iş həyatında uğur
qazanmaları üçün vacib olan bacarıqları və yanaşmaları aşılamaq
həmçinin şəbəkələşmə imkanlarını təmin etmək olub.
Tədbirin açılışında teleaparıcı Kubra Fərəczadə iştirakçıları
salamlayıb. Ardınca rəsmi çıxışlarla forumun mahiyyəti və
əhəmiyyəti diqqətə çatdırılıb. Açılış mərasimində çıxış edənlər
arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycan
Respublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinq
şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan HR İnstitutunun
təsisçisi və direktoru Emil Hüseynov yer alıblar.
Forum çərçivəsində “Karyera və XXI əsrin bacarıqları” mövzusunda
panel müzakirəsi keçirilib. Moderator qismində çıxış edən Emil
Hüseynov əmək bazarının dəyişən tələbləri və gələcək trendlər
barədə fikirlərini bölüşüb. Paneldə spiker qismində “PAŞA Bank”ın
İstedadların cəlbi və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova,
“Demir Cargo”nun İnsan Resursları rəhbəri Günel Binnətli, “AzTelco
Group”un İnsan Resursları direktoru Esmira İbrahimova, təhsil və
karyera üzrə ekspert Lətifə Nəsibova iştirak edərək öz
təcrübələrini bölüşüblər.
Müzakirələrdə gənclərin karyera planlaşdırması, işə qəbul
prosesində diqqət yetirilməli məqamlar, əmək bazarında gəncləri
gözləyən imkanlar və çətinliklər kimi mövzulara toxunulub. Panel
sessiyasının sonunda keçirilən sual-cavab hissəsində iştirakçılar
onları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlama
imkanı əldə ediblər.
Forumun praktiki hissəsində isə Azərbaycan Dəmir Yolları”
QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədovanın
təqdimatında CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlim
keçirilib. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası isə
iştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanı
yaradıb.
“Gənclərlə iş dünyasına baxış” forumu gənclərin iş dünyasına
daha hazırlıqlı olmalarına, HR sahəsindəki peşəkarlarla birbaşa
əlaqə quraraq şəbəkələşməsinə və gələcək karyera məqsədlərinə daha
peşəkar yanaşmalarına zəmin yaradıb.