
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq
istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq
üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və
III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini
ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin
yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan
və Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış
vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış
vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal,
başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd
olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş
kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə
imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli
olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam
edəcək.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanın məzmunu haqqında məlumat:
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir
neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin
iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan
mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş
mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi
abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və
ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini
əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı
işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat
sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər,
təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti
düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və
əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst
mövzular təklif olunur.
İnşanı (esseni) yazarkən abituriyent:
- səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
- öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
- mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
- yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında
məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini
məntiqi ardıcıllıqla ifadə etməli; - ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş
etdirməli; - ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi
nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli; - fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın
surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika,
orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq
ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir
neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan
(tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə
etməlidir.
Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı
savadı və aşağıdakı meyarlar nəzərə alınır:
- İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz)
həcmində olmalıdır. - verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas
fakt və hadisələr haqqında məlumata malik olunması; - abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini
əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma
səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması; - çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
- yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və
səlisliyi, savadlılıq səviyyəsi; - yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu
işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə
yazılması.
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya
“qeyri-məqbul”la qiymətləndirilir.
“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç
əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç
bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin
hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü
haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə
hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və
leksik səhvi olan yazılara verilir.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat
(ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış
yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa
işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin
yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli
mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış
inşalar da “sıfır” balla qiymətləndirilir.
Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet
saytında (Bakalavriat
> Faydalı) yerləşdirilib.