İcra prosesində yeni mərhələ: hərraclar tam rəqəmsallaşır, borclu şəxslərin hüquqları genişlənir

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş
qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı
mexanizmi tamamilə yenidən formalaşdırılır.

Trend
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni dəyişikliklər əmlakı satışa çıxarılan
borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac
yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı
prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə
icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.

Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün
şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq
bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu
bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara
təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün
əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə
satılır.

Hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf
hərrac mühitinin formalaşdırılması, satış prosesinin
sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun
maraqlarının qorunmasına xidmət edir.




Həmçinin dəyişikliklərə əsasən hərrac prosesinə
mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaqdır.

Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı
da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra
müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə
alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz
Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcəkdir.

Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə
əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına
da imkan yaradılır.

Yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin
formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına
yönəlib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir