
Bakı. Trend:
SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı
ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti
kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına
köçürülüb.
Trend
xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, 9 ilə yaxındır Bakı Fond Birjasında ən çox
ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR
İstiqrazlarının 15-ci kupon ödənişi nəticəsində investorlarına
qazandırdığı gəlir 16 milyon 875 min ABŞ dollarına yüksəlib
(tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil
edəcək.)
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond
Birjasında təqribən 76 milyon ABŞ dolları məbləğində ticarət
aparılıb və 1430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları
buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və
investorlara 44 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi
edilib.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki,
istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 noyabr tarixində
baş tutacaq.
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki
SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət
göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya
socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə
bilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi
məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə
qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan
çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

