Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Cəmiyyət

Bakı. Trend:

Bu gündən etibarən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı
məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və
satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan
təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq
məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron portal vasitəsilə ərzaq məhsullarını
satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə
“ASAN LOGIN” üzərindən ASAN İmza vasitəsilə daxil ola bilərlər.




Qeyd edək ki, ASAN İmza yalnız VÖEN hesabına bağlı olduğu halda
keçərlidir.

Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il
üçün “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən portala daxil
edilən elana uyğun olaraq bir və ya bir neçə adda məhsula dair
təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında
sistemə yükləyə bilərlər. Qeyd edilən tarixədək təkliflərini
elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar
satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi
tamamilə ödənişsizdir.

Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin
vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə
və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən
istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal
ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada
satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin
operativ həllini təmin edir.

Spread the love