
Bakı. Trend:
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və
dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə
E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Artıq bu
yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə
icazə prosesi daha sürətli və rahat təşkil olunur.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, mobil tətbiqə
yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni
elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana
səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından
“İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması”
xanasını seçirsiniz.
Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra
bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil
edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və
tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün
müddətinə verilir.
Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və
şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat
vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin
getməsinə icazə veriləcək.
Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də
müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda
məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi
tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa
birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə
göndəriləcək.
E-polis tətbiqinin günü-gündən yenilənən funksiyalarından
faydalanın, yolunuz açıq və təhlükəsiz olsun.