“Abşeron” sanatoriyası əsaslı təmir-bərpa işlərindən sonra: Müalicə və istirahət bir arada (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Avqustun 1-də jurnalistlər üçün təşkil olunan mediatur
çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) nəzdində fəaliyyət göstərən “Abşeron” mədə-bağırsaq
təyinatlı sanatoriyasının qapıları mətbuat nümayəndələrinin üzünə
açılıb.

Trend xəbər
verir ki, Bakı şəhərindən kənarda, Mərdəkan qəsəbəsində yerləşən bu
sanatoriya yalnız istirahət məkanı deyil, həm də müalicə və
reabilitasiya baxımından diqqətəlayiq yenilikləri ilə fərqlənməyə
başlayıb.

Təbiətin sakitliyi ilə əhatələnmiş 16,9 hektarlıq ərazidə
yerləşən sanatoriyada aparılan yenidənqurma işləri, ətraf mühitə
zərər vurmadan, sanator-kurort ənənələrinə müasir nəfəs verməyi
hədəfləyib.

Sanatoriyanın binası əsaslı şəkildə təmir olunaraq üçmərtəbəli
kompleksə çevrilib. Yeni infrastruktura daxil olan SPA mərkəzi,
fizioterapiya kabinetləri, lazer və elektromaqnit terapiyası
bölmələri artıq fəaliyyətə başlayıb. Həmçinin, ultrasəs müayinəsi,
quru hidromasaj, fitobar və digər bir çox funksional xidmətlər də
istifadəyə verilib. Jurnalistlərin müşahidə etdiyi əsas məqamlardan
biri isə yeni hotel otaqlarının istifadəyə verilməsi ilə bağlı idi
– bu da təkcə müalicə deyil, həm də yüksək səviyyəli istirahət
imkanlarını təqdim edir.

Mediatur zamanı jurnalistlərə açıqlama verən AHİK-in “Kurort”
Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev
sanatoriyada artıq yalnız mədə-bağırsaq xəstəliklərinin deyil, eyni
zamanda, uroloji problemlərin də müalicəsinin mümkün olacağını
açıqlayıb.

Onun sözlərinə görə, yeni tibbi avadanlıqlar və bu sahədə
ixtisaslaşmış mütəxəssislərin cəlb olunması ilə bu istiqamətdə də
kompleks xidmətlər göstəriləcək. Beləliklə, sanatoriyanın profili
genişləndirilərək, onu daha çox insan üçün cəlbedici və funksional
edir.

Burada ən diqqət çəkən məqam sanatoriyanın əvvəlki “putyovka”
sistemindən fərqli olaraq, artıq həm təşkilatlar, həm də fərdi
şəxslər üçün əlçatan olmasıdır. Yəni istənilən vətəndaş istirahət
və müalicəni birləşdirən paketlərdən istifadə edə bilər. Bu da
AHİK-in sanatoriyalarını daha açıq və cəlbedici etməklə bağlı son
illərdəki strategiyasının tərkib hissəsidir.




Çingiz Hacıyev qeyd edib ki, bu yenilənmə təkcə “Abşeron”la
məhdudlaşmayacaq. AHİK-ə məxsus digər sanatoriyalarda – xüsusilə
“Bilgəh”, “Günəşli” və “Naftalan” sanatoriyalarında da oxşar
yenidənqurma və modernləşdirmə işləri aparılır. Məqsəd həm fiziki,
həm də funksional baxımdan bu məkanları beynəlxalq səviyyəyə
çatdırmaqdır. Beləliklə, Azərbaycanda kurort turizminin
canlandırılması və yerli əhalinin keyfiyyətli tibbi xidmətə
əlçatanlığının artırılması qarşıya qoyulan əsas vəzifələr
sırasındadır.

Jurnalistlər sanatoriyada tətbiq edilən müasir tibbi
texnologiyalarla tanış olduqca həm xidmətlərin genişliyi, həm də
infrastrukturun səviyyəsi ilə bağlı müsbət təəssüratlarını
gizlətməyiblər. Onlar SPA kapsulalarda tətbiq olunan prosedurların
bədənə rahatlaşdırıcı və stresazaldıcı təsirindən, eləcə də,
sanatoriyanın ümumi sanitar-gigiyenik səviyyəsindən məmnun
qaldıqlarını bildiriblər. Qonaqpərvərlik və personalın peşəkarlığı
da diqqət çəkən amillərdən olub.

Bildirilib ki, 16,9 hektar ərazidə yerləşən və 212 çarpayılıq
sanatoriyada iki yataq korpusu, bir müalicə korpusu, konfrans zalı,
klub və rəqs meydançası vardır. Sanatoriyanın tibbi xidmətləri
yüksək standartlara uyğun təşkil edilir. Müayinə otaqları müasir
tibbi avadanlıqlarla təchiz olunub və peşəkar tibb personalı
tərəfindən 30-dan artıq müalicə xidməti göstərilir. Bu xidmətlərə
yod-brom vannaları, tübaj və parafin terapiyası, təbii palçıqla
müalicə, eləcə də, müxtəlif fizioterapiya prosedurları
daxildir.

Sanatoriyanın tibbi bazasında kliniki-diaqnostik laboratoriya,
funksional diaqnostika bölməsi, müalicəvi bədən tərbiyəsi, masaj
otaqları və digər tibbi kabinetlər mövcuddur. Müalicə və qidalanma
prosesi isə müasir sanatoriya konsepsiyasına uyğun təşkil olunur.
Sanatoriya ilboyu fasiləsiz fəaliyyət göstərir. İstənilən şəxs
birbaşa müraciət edərək, yerində ödəniş etməklə sanatoriyanın
müalicə və istirahət xidmətlərindən yararlana bilər.

Sanatoriyanın texniki infrastrukturu da yenidən qurulub. Belə
ki, elektrik təsərrüfatı tamamilə yenilənib, 550 kVA gücündə
generator quraşdırılaraq dayanıqlı enerji təchizatı təmin edilib.
Sanatoriyanın ümumi ərazisində daxili avtomobil yollarına asfalt
örtük çəkilib, kanalizasiya sistemləri yenilənərək mərkəzi
kollektor şəbəkəsinə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi
internet, IP telefoniya sistemi və təhlükəsizlik kameraları
quraşdırılıb. Yaşıllaşdırma işləri çərçivəsində həmişəyaşıl ağac və
kollar əkilib, suvarma sistemləri ilə təmin olunub.

Nəticə etibarilə, “Abşeron” sanatoriyası bu gün artıq yalnız
ənənəvi kurort deyil, müasir tibbin imkanlarından yararlanaraq,
daha geniş auditoriyaya xidmət göstərməyi hədəfləyən kompleks bir
müəssisəyə çevrilir. Bu yenilənmə ilk növbədə insan sağlamlığının
qorunması və rifahın yüksəldilməsinə yönələn bir addım olmaqla
yanaşı, həm də ölkədə sağlamlıq turizminin inkişafına töhfə verə
biləcək potensiala malikdir. Belə təşəbbüslər həm sosial təminat
baxımından, həm də sağlam cəmiyyət quruculuğu istiqamətində mühüm
əhəmiyyət daşıyır.

Spread the love