
Bakı. Trend:
Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu
günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf
deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə
verən strateji model kimi nümunə göstərilir. Azərbaycanın malik
olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində
reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini
yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın
coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının
uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə
səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə
reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
kəmərlərinin sırasına Cənub Qaz Dəhlizi layihəsinin daxil olması
ölkəmizin regional və dünya enerji təhlükəsizliyinə verdiyi
töhfələrdəndir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii
qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu
gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsi, 8-i isə
Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı etibarlı və
ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından
maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə
Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Dövlət
başçısı İlham Əliyev gələcək planlardan bəhs edərkən bildirir ki,
hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr
artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün
təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın
coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl
yerlərdədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
Millət vəkili diqqəti iyul ayında Suriya Ərəb Respublikasının
keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri
çərçivəsində aparılan danışıqlara, əldə edilən razılaşmalara
yönəldərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev ilə görüşdə
ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın
vacibliyi vurğulandı. Suriyanın hazırda ciddi enerji problemi ilə
üzləşdiyi və Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına
töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı. Səfər
çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu
imzalandı. Sözügedən səfərə diqqət yetirməyimiz səbəbsiz deyil.
Belə ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi
hadisə yaşanacaq. İlk dəfə Azərbaycan təbii qazının dost, qardaş
ölkənin ərazisi ilə Suriyaya ixracına başlanılır. Bu mühüm hadisə
təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq
dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq. Türkiyə
vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik
enerjisi istehsalı üçün istifadə olunacaq. Bu, iki ölkə arasında
strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir.
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni
bazara daxil olur. Ölkəmizin enerji strategiyası yalnız daxili
tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi
mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın çoxşaxəli
siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan
verir. Qeyd edək ki, hazırda Azərbaycan qazı əsasən Gürcüstan,
Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi,
Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə
bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar,
dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə
gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa
çevirir. Qaz ixracının coğrafiyasının genişləndirilməsi,
perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da
nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Türkiyə
vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir. Ölkəmiz Suriyanın qaz
nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi
yanacaq ixrac edə bilər.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın enerji
diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Bugünümüzün
reallıqları Azərbaycanın təbii ehtiyatlarının dünyanın enerji
xəritəsini dəyişdiyini bir daha təsdiqləyir. Hazırda əsas hədəf
şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının
yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır.
Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də
etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan qazının Türkiyə
vasitəsilə Suriyaya çatdırılması yeni əməkdaşlıq formatlarının
yaradılmasını şərtləndirir. Bu mühüm məqamı da xüsusi qeyd
etməliyik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı
addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının
yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin
yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin
möhkəmlənməsinə zəmin yaradır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın
Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qazının Suriyaya ixracı
enerji diplomatiyamızın növbəti uğurudur. Ölkəmiz təkcə enerji
təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz
yerini möhkəmləndirir. Azərbaycan həm ixrac imkanlarını, həm də
siyasi təsir coğrafiyasını genişləndirir. Hər bir ölkənin iqtisadi
müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır. Bu prinsip
Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün də
dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın
enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi
potensialının gücləndirilməsində mühüm rola malikdir. Azərbaycan
qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və
qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində
maraqlıdır.