Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasında ölkə tarixində ən yüksək nəticəyə imza atıblar

Cəmiyyət

Bakı. Trend:

27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre
şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika
Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc
medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına
liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri,
157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri,
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif
şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin
XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq
görülüb.




Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak
edir. 1994-1999-cu illərdə 2 medal, 2000-2009-cu illərdə 2 medal,
2010-2019-cu illərdə 1 medal, 2020-2025-ci illərdə 11 medal
qazanıblar (https://stats.ioinformatics.org/results/AZ).

Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1
həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq
tariximizin ən yüksək nəticəsinə imza atıblar. Həmçinin iki
şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara
hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun
“Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata
keçirilir.

Spread the love