
Bakı. Trend:
Avqustun 2-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci
müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik
Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan
türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan nazir onları Azərbaycanda
görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə
şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir
hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid
ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və
qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz
arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf
etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd
olunub.
Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən
qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə
ediblər.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və
müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni
abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı
tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.

