Bu gün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilir

Cəmiyyət

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30,
73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı
fənni üzrə test imtahanı keçirilir.

Trend xəbər verir
ki, imtahan Bakı şəhərində DİM-in Elektron imtahanlar korpusunda və
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil
olunub.

DİM-dən bildirilib ki, Bakıda 111, Naxçıvanda isə 3
abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.




İmtahanda iştirakçılara 30 qapalı tipli test tapşırığı təqdim
olunur. Onlardan 10-u musiqi nümunələrinin təyin edilməsinə, 20-si
isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və
yaradıcılığına, müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin
yoxlanılmasına həsr edilib. Qiymətləndirmə 10 ballıq şkala üzrə
aparılır.

İmtahan saat 16:00-da başlayır və 1 saat davam edəcək.
Abituriyentlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan
binasında olmalıdırlar. Binaya daxil olarkən şəxsiyyəti təsdiq edən
sənəd və buraxılış vərəqəsi təqdim olunmalıdır. Şəxsiyyət vəsiqəsi
olmayan şəxslər notarial təsdiqli surət, ümumvətəndaş pasportu,
əcnəbilər üçün miqrasiya vəsiqəsi, qaçqın statusuna malik şəxslər
isə qaçqın vəsiqəsi təqdim etməlidirlər. Sənədsiz abituriyentlər
imtahana buraxılmayacaq.

İmtahan binasına mobil telefon, ağıllı saat, digər elektron
cihazlar, konspekt, lüğət, çanta, məlumat kitabçası və xarici
yaddaş qurğuları gətirmək və istifadə etmək qəti qadağandır.