
Bakı. Trend:
Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə
mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə
yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast
gəlinməkdədir.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin açıqlamasında bildirilib.
Bildirilib ki, qeyd olunan media subyekti ardıcıl olaraq xarici
ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya
məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa
cəhd etməkdədir.
“Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı”
sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto
ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək
auditoriyanı yanlış istiqamətə yönləndirmişdir. Saytın lentində
rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu
qəbildəndir.
Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin
etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə
qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir.
Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya
videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və
peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.
Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində
ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası
qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi
hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə
səsləyirik”, – deyə qeyd olunub.