
Bakı. Trend:
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış
mərasimi keçirilir.
Trend xəbər
verir ki, açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar,
tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak
edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun
birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr
olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam
edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və
Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri
qatılıb.
Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlət
başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə
müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif
sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman
qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana
dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda
iştirak edəcəklər.
Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm
ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və
nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq
göstərilməsi bunun bariz nümunəsidir.
Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il
60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və
müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı
olub.