
Xankəndi. Trend:
Azərbaycanın azad Xankəndisində olmaq hər bir azərbaycanlı gənc,
həmçinin, mənim üçün böyük qürur və fəxarət mənbəyidir.
Trend xəbər
verir ki, bunu İtaliyanın Genoa şəhərində yaşayan doktorant,
beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçı
Toğrul Əliyev Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay
Düşərgəsinin açılış mərasimi çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
T.Əliyev vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə
qüdrətli Azərbaycan ordusunun qazandığı zəfər və ondan sonra güclü
quruculuq işləri ilə hər gün dirçələn şəhərlərə yeni nəfəs gəlməsi
gənclərə qürur və sevinc bəxş edir.
“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə
keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edirəm.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu tədbirdə dövlət
rəsmiləri ilə çoxsaylı görüşlərimiz olacaq, eyni zamanda,
Azərbaycanın milli, mədəni dəyərləri ilə daha yaxından tanış
oluruq.
Dünyanın dörd bir yanından gəlmiş 100-dən çox azərbaycanlı gənc
burada təmsil olunur, öz milli-mənəvi dəyərlərinə, kökünə, etnik
kimliyinə yenidən sahib çıxır və bu dəyərləri mənimsəyir”, – deyə o
qeyd edib.