
Bakı. Trend:
2025-ci ilin yanvar–iyun aylarında KOB evlərində sahibkarlara
göstərilmiş xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
ümumilikdə 23,2% artıb. Belə ki, 2024-cü ilin I yarısında KOB
evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərildiyi
halda, cari ilin eyni dövründə bu göstərici 256 437 təşkil edib.
Artım “Yevlax KOB evi” üzrə 31,2%, “Xaçmaz KOB evi” üzrə 6,8%, “Bakı KOB evi” üzrə isə 6,7% olub.
Bu dövrdə sahibkarlara KOB evlərində göstərilmiş dövlət-biznes
(G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım
müşahidə edilib: müvafiq olaraq 22,8% və 26,7%.
KOB evlərinə sahibkarların marağının artması, onların bir
məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin
sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla
təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə
qənaət imkanı ilə bağlıdır.
Qeyd edək ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi
tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə
və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv
ölkələrə tövsiyə edilib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB
evi modelinə maraq göstərirlər. Belə ki, KOB evləri ilə bağlı
təcrübə mübadiləsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi
“KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.