
Xankəndi. Trend:
Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 15 mindən
şəxs məskunlaşıb. Bu şəxslər həm keçmiş məcburi köçkünlər, həm də
dövlət və özəl qurumlarda çalışanlar və onların ailə
üzvləridir.
Trend xəbər
verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay
Düşərgəsinin açılış mərasimində deyib.
E.Yusubov xatırladıb ki, 2024-cü il mayın 28-də Prezident İlham
Əliyevin iştirakı ilə Xocalı şəhərinə ilk ailələrin köçü baş
tutub:
“Ümumilikdə isə hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və
Talış kəndlərinə, eləcə də, Xocalı şəhəri və rayonun Ballıca,
Təzəbinə və Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir
qisminin qayıdışı təmin edilib, bu kəndlərdə həyat canlanıb. Qeyd
olunan işlər köç planına uyğun olaraq mərhələli şəkildə icra
edilməkdədir.
Bundan başqa, 2025-ci il üçün köç planına əsasən, 18 yaşayış
məntəqəsinə, o cümlədən, Xocalı rayonunun 11 kəndinə (Ballıca,
Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad,
Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı) və Ağdərə rayonunun 7
kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və
Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq
2 450 sayda ev müəyyən edilib”.
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu kəndlər üzrə
əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanılıb.
“Nəticədə qeyd olunan kəndlər üzrə 10 minədək keçmiş məcburi
köçkünün məskunlaşdırılması təmin ediləcək. Hazırda növbəti illər
üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib
edilməsi və bununla bağlı aidiyyəti istiqamətlərdə müvafiq işlər
aparılır.”, – deyə o vurğulayıb.

