Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Cəmiyyət

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq
istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən Trend
bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı
verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul
olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən
abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və
regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki,
Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan
bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam
edib.




DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından
bir neçə dəqiqə əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı
Vüqar Rəhimzadə, Mətbuat Şurası və KİV nümayəndələrinin iştirakı
ilə təklif olunan 250-dən çox mövzu arasından 3 mövzu seçilib və
videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.
Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse)
yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa
çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi
zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə
biləcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir