
Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin
infeksionisti Ziyad Nəsibov nazirliyin rəsmi səhifəsinə müsahibə
verib.
Trend
həmin müsahibəni təqdim edir:
– İİV infeksiyasından profilaktika və qorunma tədbirləri
haqqında ətraflı məlumat verərdiniz…
– İnsanın İmmunçatışmazlığı Virusları (İİV) ilə mübarizədə əsas
şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq
ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli
davranışlardan çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, gigiyenik
qaydalara əməl etmək və ən əsası, maariflənməklə biz özümüzü,
ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.
Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı
olmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinədən keçsin. Müayinələr
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və
mərkəzin regional laboratoriyalarında ödənişsiz, konfidensiallıq
prinsipi qorunmaq şərtilə həyata keçirilir. Eyni zamanda,
müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən
ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah
olunur, Təmasdan öncə profilaktika (Prep) və Təmasdan sonra
profilaktika (PEP) barədə məlumatlar verilir.
İİV-infeksiyasına yoluxma yolları barədə məlumatlı olduqdan
sonra, asanlıqla bu infeksiyaya yoluxmanın qarşısını almaq
mümkündür. İİV-ə cinsi yolla yoluxmanın qarşısını almaq üçün
təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək və qoruyuculardan
istifadə etmək tövsiyə olunur.
Azərbaycanda virusa parenteral yolla yoluxmanın qarşısını almaq
məqsədilə, xüsusilə inyeksion narkotik istifadəçiləri arasında
zərərin azaldılması proqramları çərçivəsində, risk qruplarının
İİV-ə mütəmadi müayinəsi və profilaktik tədbirlər həyata keçirilir.
Qeyd etmək istərdim ki, ölkədə Əvəzedici Opioid Terapiya (ƏOT)
tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayı
əvvəlki illərlə müqayisədə iki dəfəyədək azalıb. Bundan əlavə,
donor qanlarının və nikahdan öncə İİV-ə mütləq müayinələrin
aparılması İİV-ə yoluxma ilə mübarizədə həyata keçirilən mühüm
addımlardan biridir.
İİV-in bətndaxili inkişaf dövründə anadan uşağa ötürülməsinin
qarşısını almaq üçün, qadınların hamiləlik müddətində mütləq
qaydada qadın məsləhətxanalarında qeydiyyata durması və İİV-ə
müayinə olunması vacib şərtlərdən biridir.
– ARV-terapiyaya (Antiretroviral müalicə) nə zaman
başlanılmalıdır?
– İİV virusları insanın immun sisteminin hüceyrələrində
çoxalaraq, tədricən hüceyrələrin zədələnməsinə səbəb olur. Nəticədə
orqanizm müdafiə funksiyasını yerinə yetirə bilmir: müxtəlif
xəstəliklərin törədicilərinə, viruslara, bakteriyalara və
bədxassəli şişlərə qarşı mübarizə aparmaq qabiliyyəti zəifləyir.
İnsanda sağalması mümkün olmayan ağır infeksion xəstəliklər inkişaf
edir.
İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün,
müalicəsi də ömürlükdür, yəni İİV-ə yoluxmuş şəxslər daimi olaraq
antiretroviral preparatları qəbul etməlidirlər. Virusa qarşı tətbiq
olunan müalicə-antiretrovirus müalicə (ARV terapiya) adlanır.
Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun replikasiyasının
qarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədər
endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə
yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin
yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının
alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin
azaldılması baş verir.
İİV-ə yoluxmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika
QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş
dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicə
xəstənin aşkar olunduğu vaxtdan təyin olunur. Müalicənin əsas
şərtlərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməsi və
ARV terapiyaya sadiqliyidir. Xəstələr ARV terapiya rejiminə düzgün
əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu cür hallar
Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə
lazımi yardım göstərilir.
– İİV/QİÇS-ə qarşı peyvənd mövcuddurmu?
– Peyvənd müəyyən bir yoluxucu xəstəliyə qarşı aktiv qazanılmış
immuniteti təmin edən bioloji preparatdır. Adətən xəstəliyə səbəb
olan mikroorqanizmin öldürülmüş və ya zəiflədilmiş ştamlarından,
onların toksinləri, yaxud səthi zülallarından hazırlanır və
orqanizmə yeridilir. Bir müddət sonra ona qarşı yaranan
anticisimlər sayəsində insan bu xəstəliyi yüngül keçirir və yaxud
yoluxma baş vermir. Virus etiologiyalı digər xəstəliklərə görə
tövsiyə olunan peyvəndlər qan dövranına daxil olan zaman, immun
hüceyrələrimiz, daha dəqiq desək, B-limfositlər daxil olan antigenə
qarşı anticisimləri yaratmağa başlayır. Ancaq, İİV virusları fərqli
xüsusiyyətə malikdir.
Elmi araşdırmalar vasitəsilə müəyyən olunub ki, digər
viruslardan fərqli olaraq, İİV yalnız hüceyrə DNT-də yerləşməklə
kifayətlənmir. Eyni zamanda, yoluxduğu hüceyrə reseptorlarını da
çox tez mutasiyaya uğradır. Nəticədə, daha çox və sürətlə mutant
ştamlar əmələ gəlir və bütün mutasiya və ştamları hədəf alan tək
bir peyvənd hazırlamaq olduqca çətindir. Lakin, İİV virusları, İİV
infeksiyası üzərində illər ərzində aparılan çoxsaylı elmi
arşdırmalar nəticəsində bir çox yeni nailiyyətlər əldə olunmuş və
olunmaqda davam edir.
– İİV pozitiv insanların müalicələrinin onların həyat
keyfiyyətinə təsirləri barədə məlumat verərdiz?
– İİV-ə yoluxmuş insanların yaşama müddəti erkən diaqnozun
qoyulmasından və müalicəsinin erkən mərhələdə başlanmasından asılı
olaraq, əhəmiyyətli dərəcədə uzanıb. Son elmi araşdırmalara əsasən,
ART qəbul edən və mütəmadi müayinələrdən keçərək, nəzarət altında
müalicəsini davam etdirən İİV-lə yaşayanlarla İİV-neqativ
(infeksiyaya yoluxmamış) insanların yaşama müddəti eynidir.
Hazırda antiretrovirus terapiyasının (ART) əlçatanlığı
baxımından, İİV-lə yaşayan insanların həyat keyfiyyəti və yaşama
müddəti İİV-neqativ şəxslərdən fərqlənmir. İİV-lə yaşayan
insanlarda yaşam müddətinə təsir edən əsas faktorlar xəstəliyin
erkən diaqnostikası, müalicəyə erkən mərhələdə başlamaq, dərman
qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin
səviyyəsi, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması,
ağırlaşmaların və yanaşı xəstəliklərin olub-olmamasıdır.