
Bakı.Trend:
Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün
kredit xidməti göstərən şəxslər və müəssisələr yaranıb. Bu
vasitələrlə vətəndaşlar avtomobilin satış qiymətinin müəyyən
hissəsini əvvəlcədən ödəməklə, qalan məbləği bir neçə ay və ya il
ərzində hissə-hissə ödəyə bilirlər.
Bəs, bu yollardan hansı daha sərfəlidir? Lizinq
yoxsa daxili kredit?
Mövuz ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli
bildirib ki, daxili kredit, yaxud lizinq daha sərfəlidir deyə bir
qayda yoxdur:
“Burada konkret hallara əsasən müqayisə aparmaq lazımdır. Yəni,
universal qayda yoxdur ki, daxili kredit daha çox əlavə xərc tələb
edir, yoxsa lizinq. Bu proses bəzən eyni də ola bilər; əslində,
lizinq daxili kreditin bir növüdür”.
“Bank və BOKT kreditləri arasında nəğd kredit ən yaxşı seçim
kimi görünür. Çünki bankların resursları digərlərinə nisbətən daha
ucuzdur. Həmçinin bəzi sahibkarlar öz vəsaitlərini də yatırmaq
imkanına malikdirlər. Yəni burada sahibkarlar öz resurslarını
dövriyyəyə qata bilərlər. Bu halda daxili kredit də əlverişli ola
bilər. Amma bank kreditləri ümumilikdə daha ucuzdur, BOKT
kreditləri isə nisbətən daha bahadır. Lizinq və daxili kreditdə isə
belə bir vəziyyət yoxdur; sahibkar istədiyi kimi kredit verə bilər.
Burada əsas məsələ pulun mənbəyi və bazarın vəziyyətidir. Ona görə
də konkret müqayisə aparmaq lazımdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Trend-ə qeyd edib ki,
avtomobillərin alınması üçün istər daxili kredit, istərsə də lizinq
şirkətləri tərəfindən verilən qərarlar ədalətli olmalıdır:
“Burada kreditin növündən asılı olmayaraq şəffaf və münasib
kredit şərtləri təmin olunmalıdır. Yəni, faiz dərəcələrinin
hesablanması, uçotun aparılması, həmçinin daxili və komissiya
xərclərinin tutulması müştərilər üçün aydın və məqbul şəkildə
təşkil edilməlidir. Əks halda, müştərilər bu cür hallardan bezəcək
və nəqliyyat vasitəsi almağa maraq göstərməyəcəklər”.