
Bakı. Trend:
5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.
Trend-in
məlumatına görə, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan
Xalq Cumhuriyyəti dövründə yaradılmışdır.
1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər
limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan
hökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında Azərbaycan
Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan
hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında
mühüm rol oynamışdır.
1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik
etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu
qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10
sahil topu və simsiz teleqraf qurğuları almışdır.
Azərbaycan hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə
ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın
yaradılmasına kömək etmək üçün 1919-cu ilin yayında Azərbaycana
dəvət etmişdir. “Astrabad”, “Qars” və “Ərdəhan” hərbi gəmilərinin
komandirliyi azərbaycanlı kapitanlara tapşırılmışdır.
Lakin aprel işğalı nəticəsində hərbi donanmanın maddi-texniki
bazasının və kadr təminatının gücləndirilməsi planları həyata
keçirilməmişdir. Bolşeviklərin gəlişi ilə Azərbaycan Hərbi
Donanması ləğv olunmuşdur.
SSRİ-nin dağılması ilə Azərbaycanda hərbi-dəniz donanmasının
yaradılması üçün şərait yaranmışdır. 1992-ci il aprelin 7-də
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə
və təminat rotası təsis olunmuşdur. Xəzər Hərbi Dəniz Donanmasının
25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının
tabeçiliyinə verilmişdir.
1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan
Respublikasının dövlət bayrağı qaldırılmışdır. Nazirlər Kabinetinin
1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin
bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət
Dəniz Akademiyası yaradılmışdır.
Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla
hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Bu
gün, Azərbaycanın hərbi donanmasının tarixini, nailiyyətlərini və
gələcək perspektivlərini xatırlamaq və təqdir etmək üçün xüsusi
əhəmiyyət kəsb edir.