
Bakı. Trend:
Hazırda abituriyentlər həyəcanla ixtisas seçimlərinin
başlayacağı günü gözləyirlər. Onları maraqlandıran əsas suallar isə
universitetlərə keçid balları ilə bağlıdır.
Bəs, hazırda vəziyyət necədir və ali təhsil
müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı
varmı?
Mövzu ilə bağlı Trend-ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri
Kamran Əsədov bildirib ki, 2025‑ci il ali təhsil
müəssisələrinə qəbul imtahanlarının nəticələri artıq açıqlanıb və
növbəti kritik mərhələ – ixtisas seçimi – yaxın günlərdə
başlayacaq.
O qeyd edib ki, bu mərhələdə abituriyentləri ən çox
maraqlandıran suallardan biri isə keçid ballarında dəyişiklik
xüsusilə də enmə ehtimalının olub-olmamasıdır.
“Lakin bu ilki statistik göstəricilər və plan yerləri üzrə
təhlillər göstərir ki, əksinə, bəzi ixtisaslar üzrə keçid
ballarında yüksəliş gözlənilir. İlk olaraq qeyd edilməlidir ki,
2025‑ci ildə qəbul planı 61 minə çatdırılıb. Bu, ötən illə
müqayisədə əhəmiyyətli artımdır. Lakin bu genişlənməyə baxmayaraq,
150 və daha çox bal toplayan abituriyentlərin sayı da kəskin
şəkildə artıb. Belə ki, 2024‑cü illə müqayisədə bu il 150-dən çox
bal toplayanların sayı 10 min nəfər artaraq ümumi rəqabət mühitini
daha da sərtləşdirib. Bu isə keçid ballarının enməsi ehtimalını
böyük ölçüdə aradan qaldırır. III ixtisas qrupu üzrə – yəni
humanitar sahələr, hüquq, jurnalistika, tarix, kitabxanaçılıq və s.
– keçid ballarında ciddi enmə gözlənilmir. Əksinə, bəzi
ixtisaslarda, xüsusilə dövlət sifarişi ilə ayrılan plan yerlərinin
sayı az olan hüquqşünaslıq və psixologiya kimi sahələrdə keçid
ballarının bir qədər də yüksəlməsi ehtimalı mövcuddur. Pedaqoji
ixtisaslarda – xüsusilə də ibtidai sinif, məktəbəqədər təhsil və
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında – keçid
ballarının artacağı real görünür. Bunun səbəbləri arasında
müəllimlik ixtisaslarına yönəlik sosial müdafiə tədbirləri,
təqaüdlər, işə qəbul zamanı üstünlüklər və “sabit iş imkanı” amili
önə çıxır. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları bu il
xüsusilə qız abituriyentlər arasında rəqabətli ixtisaslar
sırasındadır”.
K.Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə – mühəndislik və
texniki sahələr – keçid ballarında radikal dəyişikliklər
gözlənilmir:
“Riyaziyyat və fizika fənləri üzrə nəticələrin əvvəlki illərlə
müqayisədə ortalama bərabər səviyyədə olması bu proqnozu
gücləndirir. Xüsusilə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin
geniş olması mühəndislik sahələrində keçid ballarının sabit
qalacağını deməyə əsas verir.
II ixtisas qrupu üzrə isə fərqli dinamika müşahidə olunur.
Buraya iqtisadiyyat, idarəetmə, maliyyə və turizm kimi sahələr
daxildir. Bu il ingilis dilli ixtisaslar – məsələn, “İqtisadiyyat
(ingilis dili ilə)”, “Biznesin idarə edilməsi (ingilis dili ilə)” –
abituriyentlər tərəfindən daha çox seçilir. Bu isə keçid ballarının
yüksəlməsinə səbəb olacaq. Çünki həm bu ixtisaslara maraq artıb,
həm də həmin ixtisaslar üzrə plan yerləri məhdud saxlanılıb. Eyni
zamanda, bu proqramların bir çoxu beynəlxalq əməkdaşlıqlarla
bağlıdır və əmək bazarında daha yüksək gəlirli perspektivlər vəd
edir.
IV ixtisas qrupu üzrə – yəni tibb və biotexnologiya sahələri –
ənənəvi olaraq yüksək bal tələb edən ixtisaslardandır. Bu il də
dəyişiklik gözlənilmir. Əksinə, “Müalicə işi”, “Stomatologiya”,
“Əczaçılıq” kimi ixtisaslarda keçid ballarında sabit yüksəliş
tendensiyası davam edəcək. Bu sahədə plan yerləri məhduddur, amma
maraq yüksəkdir. Bu isə keçid ballarının enməsi deyil, artması ilə
nəticələnəcək.
V ixtisas qrupu üzrə – pedaqoji yönümlü xüsusi ixtisaslar və
inklüziv təhsil sahəsi – keçid ballarında kiçik dalğalanmalar baş
verə bilər, lakin bu, daha çox subbakalavr pilləsi üzrə olanların
seçimlərinə bağlıdır. Amma ümumilikdə V qrup üzrə də ciddi enmə
gözlənilmir”.
“Bütövlükdə 2025‑ci ildə qəbul planının 61 min yerə qədər
artırılması müəyyən sahələrdə abituriyentlər üçün imkanları
genişləndirsə də, bu imkanlar nəticələrin kəskin yaxşılaşdığı bir
ildə baş verdiyindən keçid ballarının azalmasına deyil, sabit
qalmasına və ya artmasına səbəb olacaq. Burada əsas faktorlardan
biri də məhz yüksək nəticə göstərmiş abituriyentlərin sayının
əhəmiyyətli dərəcədə artmasıdır.
Son olaraq qeyd etmək vacibdir ki, Elm və Təhsil Nazirliyi ilə
Dövlət İmtahan Mərkəzi bu il də ixtisas seçimi mərhələsində
abituriyentlər üçün marifləndirici mexanizmləri və analitik
platformaları yetərincə effektiv təqdim etmir. Abituriyentlərin öz
balı ilə hansı ixtisaslara düşə biləcəklərinə dair real proqnozlar
üzərində işlənmiş, statistik əsaslı platformalar hələ də mövcud
deyil və bu da yanlış seçim risklərini artırır. Nəticədə, keçid
ballarının necə formalaşacağı ilə bağlı proqnozlar yalnız statistik
təhlillərə əsaslanmaqla aparılır, real zamanlı dinamika isə
izlənilmir. Bu boşluğun aradan qaldırılması üçün elektron
proqnozlaşdırma sistemləri, süni intellekt əsaslı ixtisas uyğunluğu
təklif edən modulların tətbiqi vacibdir.
Nəticə etibarilə, bu il ixtisas seçimi mərhələsində xüsusilə
yüksək bal toplayan abituriyentlərin daha ağıllı strategiyalar
seçməsi gözlənilir və bu da rəqabətin müəyyən ixtisaslarda ciddi
şəkildə artmasına səbəb olacaq. Beləliklə, keçid ballarında ümumi
mənzərə – ya sabitlik, ya da artım istiqamətində olacaq; enmə
ehtimalı isə minimaldır”,- deyə K.Əsədov fikirlərini
tamamlayıb.
Təhsil eksperti Rizvan Fikrətoğlu isə Trend-ə danışan bildirib ki, hazırda Dövlət
İmtahan Mərkəzinin yaxın günlərdə dərc edəcəyi “Abituriyent-4” və
statistika jurnallarını gözləyirik.
“Ondan sonra daha konkret və daha yekun fikirlər bildirmək olar.
Faktiki olaraq, bu jurnallar yoxdur deyə, daha konkret danışmaq
olmur. Amma, məsələn, 5-ci ixtisas qrupunda fiziki tərbiyə
müəllimliyidir, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı
idman, adaptiv idman, beləcə də təsviri incəsənət müəllimliyi,
dizayn ixtisasları qrupu, həmçinin, 4-cü ixtisas qrupunda, tibb
yönümlü ixtisaslarda, eyni zamanda 3-cü ixtisas qrupunda ballarda
artımlar gözlənilir. İxtisaslar üzrə 3-5 bal artım ola bilər. 2-ci
ixtisas qrupunda, adətən, Bakı Dövlət Universiteti, ADNSU və.s.
kimi universitetlərdə müəyyən artım ola bilər. Həmçinin bunun
paralelində, bəzi ixtisas qrupunda, bir sıra mühəndislik sahələrdə
artım gözlənilir, amma bunun paralelində azalmalar da müşahidə
olunacaq. Daha dəqiq fikir isə, dediyim kimi, həmin jurnallar
çıxandan sonra daha konkret fikirlər bildirmək olar”,- deyə o əlavə
edib.