Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?

Cəmiyyət

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbuldan sonra qarşıda dayanan əsas
məsələlərdən biri tələbələrin yataqxana problemi olur. Kimisi yer
tapmaqda çətinlik çəkir, kimisi də qiymətlərlə razılaşmaq
istəmir.

Növbəti tədris ilində tələbə yataqxanaları ilə bağlı
vəziyyət necə olacaq? Qiymət artımları nəzərdə
tutulurmu?

Trend
bir neçə ali təhsil müəssisəsinə məsələ ilə bağlı sorğu
ünvanlayıb.

Azərbaycan Tibb Universitetindən cavab olaraq
bildirilib ki, növbəti tədris ilində ATU-da yataqxana qiymətləri
ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qiymət əvvəlki
illə eyni olaraq qalacaq.

Bakı Dövlət Universitetindən qeyd edilib ki,
BDU-nun Tələbə Evi 220 nəfərlikdir.

“Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı,
idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və
s. Əsasən, şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial
həssas qrupa aid olanların övladları qəbul edilir. Yataqxananın
ödənişi 75 manatdır və növbəti tədris ili üçün hər hansı bir
dəyişiklik nəzərdə tutulmur”, – deyə əlavə edilib.

Lənkəran Dövlət Universitetindən isə bildirilib
ki, hazırda 160 nəfərlik qızlar üçün, 250 yerlik isə oğlanlar üçün
yataqxana fəaliyyət göstərir. Yataqxananın qiyməti 60 manat təşkil
edir və qiymətlə bağlı dəyişiklik gözlənilmir.

Mingəçevir Dövlət Universitetindən qeyd edilib
ki, Mingəçevir Dövlət Universitetində hazırda tələbə yataqxanası
mövcud deyil.

“Universitetin 7 hektarlıq ərazidə yeni kampusu tikilmə
prosesindədir. Həmin kampusun tərkibində 300 qız, 300 oğlan
tələbənin yerləşə biləcəyi yataqxana kompleksi də nəzərdə tutulub.
Tikinti başa çatıb kampus istifadəyə veriləndə qiymət və digər
məsələlərlə bağlı məlumat verə bilərik”, – deyə əlavə edilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən
verilən məlumata görə isə, UNEC-n 5 tələbə yataqxanası
mövcuddur:




“Həmin yataqxanalarda hazırda məcburi köçünlər yaşayır. Ona görə
də yataqxanaları tələbələr istifadə edə bilmir. Məcburi köçkünlər
köçürüldükdən sonra yataqxanalar yenidən qurularaq, tələbələrin
istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti
ndən isə sorğuya cavab olaraq bildirilib ki,
ADNSU yataqxanası köhnə yataqxanadır.

“Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik
yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu
barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə
korpusdur. Nə zaman təmirə bağlansa və ya təmirdən sonra istismara
verilsə, bu barədə məlumat verəcəyik.

Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi
tələbələr qalırlar, əcnəbi tələbələr, adətən, üstünlük təşkil
edir.

Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir.
Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üç
nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər”, – deyə əlavə
edilib.

Təhsil ocağından vurğulanıb ki, yataqxana ödənişləri ilə bağlı
hər hansı bir dəyişiklik gözlənilmir.

Naxçıvan Dövlət Universitetindən isə sorğuya
cavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetinin tələbə
yataqxanası iki korpus şəklində olmaqla, 487 nəfər tələbə üçün
nəzərdə tutulub.

“240 yer qızlar, 247 yer oğlanlar üçündür. Yataqxanada bir
tələbənin illik ödənişi 800 manat olaraq müəyyənləşib. Qiymət
artımı nəzərdə tutulmayıb. Naxçıvan Dövlət Universitetinin tələbə
yataqxanasında otaqlar 2, 3 və 4 nəfərlikdir. Birinci mərtəbədə
oğlanlara və qızlara aid bölmələrdə dərsə hazırlıq üçün elektron
lövhə otağı və televizor – istirahət otaqları nəzərdə tutulub.

Həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis, şahmat,
hamam və vahid çamaşırxana yaradılıb. Bina təhlükəsizlik kameraları
ilə tam təchiz olunub. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx
var. Tələbələrin istirahəti üçün yataqxana ətrafında yaşıllıq
zolağı və asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət
yerləri yaradılıb, yataqxana telefon və internet (Wi-Fi) xətləri
ilə təmin olunub”, – deyə məlumatda qeyd edilib.