
Bakı. Trend:
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin ilk
paneli “Konstitusiya və Suverenlik” mövzusuna həsr olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Bildirilib ki, Qarabağ Universitetinin Humanitar və sosial
elmlər fakültəsinin dekanı Elmar Mustafayevin moderatorluğu ilə baş
tutan panelin qonaqları Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli,
Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev və Avropa İnsan
Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən
ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
edildiyi və Vl düşərgənin də bu əlamətdar hadisəyə həsr olunduğu
diqqətə çatdırılıb. 2025-ci ilin həm də Azərbaycan Respublikası
Konstitusiyasının qəbulunun 30, Vətən müharibəsində şanlı
qələbəmizin 5 ilinin tamam olduğu qeyd edilib.
Millət vəkili Əli Hüseynli Azərbaycan Respublikasının
Konstitusiyasının ölkəmizin hüquqi və siyasi əsaslarını müəyyən
edən ali sənəd olduğunu vurğulayaraq, müstəqilliyimizin
qorunmasında suverenlik anlayışının əsas yer tutduğunu qeyd edib.
O, diaspor gənclərini hüquqi biliklərini artırmağa və Azərbaycanın
milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etməyə çağırıb.
Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev Azərbaycan
Konstitusiyasının insan hüquqlarının təminatçısı olduğunu bildirib.
Hüquqi dövlətin əsaslarının və konstitusiyaya sadiqliyin xaricdə
yaşayan soydaşlarımız tərəfindən də qavranmasının vacibliyini qeyd
edib və gəncləri hüquqi düşüncəyə yiyələnməyi məsləhət görüb.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov isə
çıxışında Azərbaycanın beynəlxalq hüquq sisteminə inteqrasiyası və
insan hüquqları sahəsində əldə etdiyi uğurlardan danışıb. O,
diaspor gənclərinin Azərbaycan həqiqətlərinin və dövlətçilik
dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya
biləcəyini vurğulayıb.
Panel interaktiv müzakirələrlə davam edib. Diaspor gəncləri öz
suallarını panel iştirakçılarına ünvanlayaraq hüquqi sistem,
vətəndaşlıq məsuliyyəti, dövlətçilik dəyərləri və milli
suverenliyin qorunması ilə bağlı geniş fikir mübadiləsi
aparıblar.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay
Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan
əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən çox gənc qatılıb.