
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi Xankəndidə keçirilən
Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı panel
təşkil olunub.
Trend xəbər
verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə
Vahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidə
doğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət
vəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayan
azərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi və
Xankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.
Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçinin
Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis
dillərində videomaterial nümayiş olunub.
Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin
tarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə
tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və
tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və
ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb.
Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30
ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.
Panel sualların cavablandırılması və düşərgə iştirakçılarının
qəhrəmanlıq ruhunda mahnıları ifa etmələri ilə yekunlaşıb. Diaspor
gəncləri paneli mövzu və forma baxımından yeni platforma kimi
dəyərləndirib, panel boyu həm qürurverici, həm də duyğulu anlar
yaşadıqlarını qeyd ediblər.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay
Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan
əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən çox gənc qatılıb.