ADA Universiteti regionlarda müasir və keyfiyyətli təhsilin əlçatanlığını genişləndirir (FOTO)

Cəmiyyət

Bakı.Trend:

2 avqust tarixində Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya və
Sahibkarlıq” adlı layihənin ilkin mərhələsi yekunlaşıb. Bu layihə
ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və Paşa
Holdinqin maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən
region gəncləri üçün həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan
gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq,
yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını
inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında
rəqabət qabiliyyətini yüksəltməkdir.

Mərhələli seçim prosesinin nəticəsində təlimlərə Gəncə şəhərində
yerləşən müxtəlif universitetlərdə təhsil alan 45 tələbə cəlb
olunub. Hal hazırda təlim proqramı iki istiqamət üzrə aparılır –
süni intellektin əsasları və süni intellektin incəsənətdə tətbiqi
(AI4Art). AI4Art təlimləri Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin
dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə
imkanlardan biri onların ingilis dili biliklərinin
təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil
alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili
dərsləri təşkil olunur. Həmçinin, süni intellekt üzrə təlimlərə
hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri də proqramda
yer alır. Bu, texniki bilikləri məhdud olan, lakin bu sahədə
potensialı olan iştirakçılar üçün növbəti mərhələlərə keçid imkanı
yaradır.




Dərslərlə yanaşı, sosial bacarıqları inkişaf etdirən seminarlar,
mentorluq proqramı, istehsalat təcrübəsi və sosial məsuliyyət
yönümlü fəaliyyətlər də nəzərdə tutulur. Bu komponentlər layihənin
sistemli və hərtərəfli şəkildə həyata keçirilməsini təmin etmək
baxımından mühüm əhəmiyyət daşıyır.

Dərslər hibrid formatda — Gəncə şəhərində yerləşən Mir Cəlal
Paşayevin Muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani
şəkildə və eyni zamanda onlayn formatda təşkil olunur.

Yeni seçim mərhələsi Sentyabr ayında elan olunacaqdır.

Qeyd edək ki, “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsi
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA
Universitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edən
Strateji Planına uyğun şəkildə regionlarda müasir təhsilə çıxış
imkanlarının artırılmasına və yaradıcı, innovativ gənclərin
yetişdirilməsinə xidmət edir.