
Bakı. Trend:
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə
zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər
dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan
zəhərlənən şəxslərdir.
Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3
nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə
yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1
nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə
alınıb.