
Bakı. Trend:
2024-cü ildə icbari tibbi sığorta hesabına xroniki venoz
xəstəliklərinin diaqnostikası məqsədilə 138 825 rəngli doppler və
219 fleboqrafiya müayinələri icra olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki,
xroniki venoz xəstəliklər (XVX) — venaların uzunmüddətli funksional
və ya struktur pozğunluqları nəticəsində meydana çıxan xəstəliklər
qrupudur.
Bu qrupa varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq (XVÇ),
posttrombotik sindrom (PTS), flebopatiya, angiodisplaziyalar, venoz
xoralar və retikulyar varikoz kimi pozğunluqlar daxildir.
Bu cür venoz xəstəliklərinin diaqnostikası əsasən vizual baxış,
ultrasəs əsaslı görüntüləmə və funksional testlər vasitəsilə
aparılır. Diaqnostikada ən geniş yayılmış ilkin müayinə üsulu
rəngli doppler ultrasəs müayinəsidir. Bu metod müasir,
qeyri-invaziv, ağrısız və təhlükəsiz görüntüləmə üsulu olaraq
damarların vəziyyətini və qan axınının xüsusiyyətlərini
qiymətləndirməyə imkan verir. Rəngli doppler ultrasəs müayinəsi
hospitalizasiya tələb etmir və nəticə dərhal əldə olunur. Müayinə
zamanı qan axınının sürəti və istiqaməti, damarların keçiriciliyi,
venaların qapaq funksiyası və damarların anatomik quruluşu haqqında
ətraflı məlumat almaq mümkündür. Bu üsul varikoz xəstəliyi, xroniki
venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya və venaların
trombozu kimi xəstəliklərin aşkarlanmasında geniş istifadə
olunur.
Rəngli doppler ultrasəs müayinəsi bəzi hallarda damarların tam
qiymətləndirilməsi üçün yetərli olmaya bilər. Belə vəziyyətlərdə
daha detallı görüntü almaq üçün fleboqrafiya (və ya venoqrafiya)
müayinəsi tətbiq olunur. Fleboqrafiya zamanı damarlara kontrast
maddə yeridilərək rentgen, kompüter tomoqrafiyası (KT) və ya
maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə detallı görüntü
alınır. Bu invaziv müayinə damarların struktur və funksional
vəziyyəti haqqında daha geniş informasiya təqdim edir. Fleboqrafiya
dərin venoz trombozu, xroniki venoz çatışmazlıq, venoz
malformasiyalar və damar stenozları kimi xəstəliklərin
diaqnostikasında xüsusilə effektiv sayılır. Müayinə ayaqlarda
səbəbi bilinməyən uzunmüddətli şişkinlik, izah olunmayan ağrılar,
tromboz və ya əməliyyatdan əvvəl damar quruluşunun
qiymətləndirilməsi məqsədilə də aparılır.
Venoz pozğunluqlar əhali arasında geniş yayılıb və vaxtında
diaqnoz qoyulmadıqda ciddi ağırlaşmalara və həyat keyfiyyətinin
azalmasına səbəb ola bilər. Bu səbəbdən sadalanan instrumental
müayinələrin icbari tibbi sığorta hesabına olunması və əlçatanlığı,
xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, fərdi müalicə
planlarının hazırlanmasına şərait yaratmaqla effektiv müalicə üçün
mühüm imkanlar yaradır.
Bu müayinələr icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki
dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq
elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq
dövlət orqanlarının tabeliyindəki) aparılır.
Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini
“Tibb müəssisələrinin axtarışı” funksiyasından istifadə etməklə
tanış ola bilərsiniz.