
Bakı. Trend:
Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az”
portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan
azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada
təqdim olunur.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, bu funksionallığın təmin edilməsi Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin
idarələrarası informasiya sistemləri arasında yaradılmış
inteqrasiya nəticəsində mümkün olub.
“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə
bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil
edir.
Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi
və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur”, –
məlumatda deyilir.