Müharibədən sonra reabilitasiya xidmətləri ilə təmin edilən qazilərin sayı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3600-dən
çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son illər reabilitasiya
mərkəzlərinin müasir tələblərə uyğun qurulması və şəbəkəsinin
genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində
mühüm işlər aparılıb.

Bildirilib ki, bu müəssisələrdə xidmət keyfiyyətinin əhəmiyyətli
dərəcədə yüksəldilməsinə, xidmət göstərilənlərin illik sayının 10
dəfədən çox, əlilliyi olan şəxslərə verilən reabilitasiya
vasitələrinin illik sayının 3 dəfə artırılmasına nail olunub.




Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər biri fərdi
reabilitasiya proqramı əsasında mütəmadi olaraq bərpa-müalicə
kursları keçib, effektiv fizioterapevtik prosedurlara cəlb
ediliblər.

Bu kurslar onların səhhətində yaxşılaşmaya, reabilitasiya
potensiallarının reallaşdırılması istqiamətində mühüm irəliləyişə
imkan yaradıb.

Qeyd edilib ki, Vətən müharibəsindən sonra Agentlik tərəfindən
2350-dək qazimiz isə 79,4 min reabilitasiya vasitəsi, o cümlədən
500-ə yaxın qazimiz 610-dan çox son nəsil yüksək texnologiyalı
protezlə təmin edilib.