
Bakı.Trend:
Üç il əvvəl oğurluq məqsədilə Tovuzda evə girən və evdə olan 2
qadını qətlə yetirən şəxslərin işi üzrə məhkəmə işi yekunlaşıb.
Trend-in
məlumatına görə, cinayət işi üzrə 7 şəxsə hökm oxunub.
Belə ki, hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində
qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə
yerinə polis əməkdaşları və yanğın söndürənlər cəlb olunub. Yanğın
söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu,
70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.
Evə oğurluq məqsədilə girmiş şəxslər bıçaqla hər iki qadını
öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd
mobil telefon götürüblər. Daha sonra evi yandırıblar.
Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından biri
hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət
Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən
şəxslər müvafiq olaraq 5 il 6 ay, 2 il 1 ay 29 gün, 2 il 6 ay 29
gün, 2 il 29 gün, 2 il, 10 il və ömürlük həbsə məhkum
ediliblər.

