Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin
növbəti paneli “Azərbaycanın xarici siyasəti və ictimai
diplomatiya” mövzusuna həsr olunub.

Trend xəbər verir ki, Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Vaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan
Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Avstriya və
Sloveniya Respublikalarında fövqəladə və səlahiyyətli səfiri,
Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyana şəhərindəki
bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
Rövşən Sadıqbəyli və Azərbaycan Respublikasının Avropa Şurası
yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.




Paneldə diaspor gənclərinə müasir Azərbaycanın xarici siyasət
strategiyası, balanslaşdırılmış yanaşma, beynəlxalq hüquqa sadiqlik
və ictimai diplomatiyanın artan rolu barədə müfəssəl məlumat
verilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində,
diplomatik müstəvilərdə uğur qazanan ölkəmizin yeni nəsil diasporu
müasir səriştələrə yiyələnməli və Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etməlidir.
Diplomatlar yeni dünya düzənində ictimai diplomatiyanın xüsusi
rolunu vurğulayıb və gənclərə bu sahədə peşəkar biliklərə sahib
olmanın mexanizmləri barədə tövsiyələrini çatdırıblar. Panel
qarşılıqlı fikir mübadiləsi aparılması və soydaşlarımızın
suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay
Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan
əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən çox gənc qatılıb.