
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10 təhsil
müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
Trend
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün
əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141,
151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli
məktəblərin, 328 nömrəli uşaq bağçasının, Eşitmə qabiliyyəti
pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq
bağçasının, həmçinin “Şahin Abbasov” adına körpələr evi-uşaq
bağçasının əsaslı təmiri davam edir.
Eyni zamanda, ehtiyac olan 100-ə yaxın təhsil müəssisəsində cari
təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda infrastrukturun inkişafına və
təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən
dövlət siyasəti nəticəsində təhsil müəssisələrinin mütləq
əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
Paytaxtdakı təhsil müəssisələrində aparılan tikinti və
təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə
tutulur.