Yeni tədris ilində məktəb avtobusları fəaliyyətə başlayacaq? – RƏSMİ

Cəmiyyət

Bakı. Trend:

Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot
olaraq tətbiqi ilə bağlı ilkin layihə hazırlanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil
müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması
məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə
tutulur.




“Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot
olaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi
tərəfindən ilkin layihə hazırlanır”, – deyə məlumatda qeyd
edilib.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev bir neçə ay
əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, növbəti
tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması
planlaşdırılır.

“Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki,
bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından
dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq
məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu,
əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək”, – deyə
o əlavə etmişdi.