
Bakı. Trend:
Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə təltif olunduğu
“Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Mükafat Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev
Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən Diaspor
Gənclərinin VI Yay Düşərgəsinin mərasimində təqdim olunub.
Mükafatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə
və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov təqdim
ediblər.
Komitə sədri məşhur fotojurnalist Reza Deqatinin uzun illərdir
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində apardığı misilsiz fəaliyyətini yüksək
qiymətləndirib.
Tanınmış fotoqraf bu mükafatı almaqdan qürur duyduğunu və
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini
bildirib.
Qeyd edək ki, Azərbaycan əsilli fransız fotoqraf Qarabağ
həqiqətlərinin, Xocalı soyqırımı kimi faciələrin sənədli fotolarla
beynəlxalq arenaya təqdim olunmasında əvəzsiz rol oynayıb.