İlk 6 ayda nöqsan aşkarlanan apteklərin sayı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

Bu ilin ilk 6 ayı ərzində 43 aptekdə nöqsanlar aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza
Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar – iyun ayları ərzində Səhiyyə
Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama
keçirib:

“Yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb. 2025-ci ilin
birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı
Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş
tutub.

Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə
yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı
yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm
də planlı yoxlamalar keçirilib). Qeyd edək ki, bu ilin birinci
yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel
ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər
və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş
olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb”.




“Bu kimi yoxlamaların əsas məqsədi əczaçılıq müəssisələrinin
müvafiq qanunvericiliyə və dərman dövriyyəsinə dair normativ
sənədlərə uyğun fəaliyyət göstərməsini təmin etmək, eyni zamanda
əhalinin dərman vasitələri ilə təhlükəsiz və keyfiyyətli şəkildə
təmin olunmasını nəzarətdə saxlamaqdır.

Aşkarlanan nöqsanlara lisenziyasız fəaliyyət, dərman
vasitələrinin düzgün saxlanılmaması, satışa buraxılması qadağan
olunmuş preparatların aşkar edilməsi, sənədləşmədə pozuntular və ya
əczaçı heyətin ixtisassız olması kimi hallar daxil olur.
Qanunvericiliyə əsasən belə hallarda inzibati tədbirlər,
xəbərdarlıqlar və ya cərimələr tətbiq olunur (İnzibati Xətalar
Məcəlləsinin 210.1, 215.4, 221.9, 221.10, 452.1 və 452.3-cü
maddələri üzrə cərimə protokolları tərtib edilmişdir).

AEM vətəndaşlara tövsiyə edir:

Vətəndaşlar aptek təşkilatlarında və özəl tibb müəssisələrində
qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı
vasitələrlə məlumat verə bilərlər:
• “Bir pəncərə” sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət
olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata
keçirilir”,- deyə məlumatda qeyd edilib.