
Bakı. Trend:
2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət
tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 3.6
milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət
edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, göstərilən xidmət sayı isə 44.2 milyon olub. Ən
çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi
müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət
sisteminin xəstəlikləri gəlir.
“Habelə, sözügedən tibb müəssisələrində 18 milyon 523 mindən çox
laborator tibbi xidmət göstərilib. Ən çox müraciət edilən laborator
analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın
miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də protrombin
zamanı (PT) kimi müayinələr daxildir.
Cari ilin ilk yarımilliyində İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət
orqanlarının tabeliyində olan tibb müəssisələri) 154 987 göndəriş
verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan
vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta
ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb. Əsasən, invaziv
radiologiya, oftalmoloji, ürək-damar xəstəlikləri üzrə xidmətlər
üstünlük təşkil edib”, – deyə məlumatda qeyd edilib.

